TƏHSİL

Xarici dil öyrənməkdə çətinliyi necə aşmaq olar?
04 OKTYABR
268

Xarici dil öyrənməkdə çətinliyi necə aşmaq olar?

2019-10-04 17:47:00

Siz ingilis dilini öyrənirdiniz və bəlli bir yerə qədər hər şey əla gedirdi. Lakin İntermediate səviyyəsinə çatan kimi proses qəfil zəiflədi. Dünya fırlanır, vaxt gedir, siz isə bir nöqtədə dayanmısınız və yeni heç nə öyrənə bilmirsiniz. Dərslər darıxdırıcı olmağa başlayır, arzulanan məqsəd, yəni dilin daşıyıcısı səviyyəsində danışmaq əlçatmaz olaraq qalır. Bu vəziyyətdən necə qurtulmaq olar?

Bu situasiya bütün müəllimlərə tanışdır, bunu «plato effekti» adlandırırlar. Yolun tən ortasında belə büdrəmək tamamilə təbii haldır. Skyeng onlayn ingilis dili məktəbinin müəllimləri bu effektin nə dərəcədə təhlükəli olduğunu və bunu aradan qaldırmağın yollarını izah edirlər.

Bu niyə baş verir?

Adətən plato effekti ilə Intermediate səviyyəsinə çatan tələbələr üzləşir. Bu səviyyədəki lüğət təxminən 2000 sözdən ibarətdir, sadə söhbətlər etməyə imkan verir, ara-sıra lüğətə baxaraq jurnallar oxuya bilərsiniz, bütün zamanları öyrənmisiniz və bəzi deyimləri bilirsiniz. Mütəxəssislər bu səviyyəni “kandar" adlandırırlar və bu səviyyədə olan tələbələrin əksəriyyəti ilişib qalır. Tələ budur ki, bu, gündəlik həyat ilə əlaqəli olan cümlələri, ifadələri anlamaq üçün kifayət edən ilk səviyyədir. "İngilis dilində danışıram" deməyə tam haqqınız da var. Ancaq bu andan təlim prosesi effektiv olmur və xarici dil öyrənməyiyarımçıq qoyan tələbələrin sayı çox olur. Axı niyə?

Darıxdırıcı gəlir

Yolun əvvəlində hər şey yeni və maraqlı idi. Lakin siz eyni dərs vəsaitlərini aylardır oxuyursunuz. Mətnlər və dialoqlar get-gedə mürəkkəbləşir, amma mahiyyətcə eynidir. Rutin təlim tələbənin dərsə marağını azaldır.

Qeyri-real gözləntilər

Dili təzə öyrənməyə başlayanda nəticələr dərhal nəzərə çarpır. Dünən beş söz bilirdiniz, bu gün isə on. Deməli, leksikon bir gündə ikiqat artdı! Ümid edirsiniz ki, bu temp gələcəkdə də davam edəcək. Lakin biliklərin qazanılması sürəti tədricən aşağı düşür və bu, məyusluq yaradır.

Aza qane olmaq vərdişi

Intermediate — kifayət qədər yaxşı səviyyədir. Bu səviyyədə siz bütün ümumişlək sözləri və ifadələri bilirsiniz, qəzet məqaləsinin məğzini rahatlıqla anlayırsınız, Londonda restoranda nahar sifarişi verə bilərsiniz, Nyu-Yorkda qatar bileti ala bilərsiniz və s. Sizə elə görünə bilər ki, siz artıq hər şeyi bilirsiniz və təlim prosesinə davam etmək vaxt itkisidir. Əslində isə reallıq tam başqadır. Sizin ingilis dili bilikləriniz hələ çox primitivdir, sadəcə baza biliklərinə yiyələnmisiniz.

Siz maraqlı söhbətlər apara, mühazirələr dinləyə , xarici şirkətdə işləyə, kitabları orijinalda oxuya, stendap-şoulara baxa bilməzsiniz.

Xarici dili öyrənməkdə baryeri necə aşmaq olar?

Plato effektinin nadir hadisə olmadığını nəzərə alaraq pedaqoqlar bununla mübarizə aparmaq üçün kompleks tədbirlər həyata keçirir.

Yeni üsulla öyrənin.

Dil öyrənmək idmanla məşğul olmağı xatırladır. Bodibilderlər və fitnes həvəskarları da plato effektinə məruz qalırlar. Çünki daimi uğurların ardından birdən durğunluq dövrü başlayır və çəki azalmır, əzələlər böyümür. Bu zaman məşqçilər yükü və məşq proqramını dəyişdirməyi tövsiyə edirlər.

Bu metodu ingilis dilinə də tətbiq etmək olar. Əgər daha əvvəl qrup şəklində məşğul olurdunuzsa, fərdi şəkildə məşğul olmağa başlayın. Fərdi repetitorla məşğul olursunuz? Bir conversation kluba yazılın və sizinlə eyni səviyyədə olanlarla danışmaq vərdişinə yiyələnin.

Əgər indiyəcən dərslikdəki mətnləri oxuyurdunuzsa, əsl kitablara keçin. Bu, göründüyü qədər dəhşətli deyil. Məsələn, «Harri Potter»in ilk cildlərini Intermediate səviyyəsində ikən də asanlıqla oxumaq olar.

Təlim prosesini maraqlı etmək üçün zövqünüzə xitab edən bir neçə videobloqa abunə olun, ingilisdilli nəşrləri oxuyun, orijinalda subtitrli filmləri seyr edin.

Müntəzəm məşğul olun.

İngiliscə kifayət qədər yaxşı danışmağınız sizi yanıltmasın, daha az məşğul olsanız, çoxunun düşdüyü tələyə siz də düşəcəksiniz. Dərslərin intensivliyini azaltsanız, platoda uzun müddət ilişib qalacaqsınız. Uzun müddət istifadə olunmayan informasiya unudulmağa başlayır, belə ki insan beyni enerjiyə maksimum qənaət rejimində işləyir və gündəlik istifadə olunmayan məlumatları “arxiv”dən silir.

Ən əsası, təhsilə həyəcanı qaytarın.

Öyrəndiklərinizi praktikaya tətbiq edin. Təhsil prosesinin dar çərçivəsindən çıxın. Sosial şəbəkələrdə ingilisdilli yazılara şərh bildirin, filmlərə ingilis dilində rəy yazın, Couchsurfing kimi tətbiqlərdə qeydiyyatdan keçin və əcnəbilərə şəhərinizlə tanış olmaqda yardım edin, səfərlərdə səyahət yoldaşınızla çoxlu danışın.

Bütün bunlar sizə kömək edəcək ki, ingilis dilini mücərrəd bir anlayış kimi deyil, ünsiyyət vasitəsi kimi qəbul edəsiniz. Bu, xüsusən də siz dili öyrənməklə passiv şəkildə məşğul olduğunuz halda vacibdir. Yəni qrammatikanı öyrənmək, filmlərə baxmaq — məlumatı qəbul etməkdir, onu verməyə başlayın — danışın, müzakirə və mübahisə edin, rəy bildirin.

Qarşınıza yeni hədəflər qoyun.

İngilis dilini örənməyə başlamısınızsa, motivasiya ilə işləmək və qarşınıza daha konkret məqsədlər qoymaq vaxtıdır. TOEFl və ya IELTS imtahanı verib xəyallarınızın işini tapmaq, sevdiyiniz serialın bütün sezonlarına orijinalda baxmaq, ABŞ-ın bütün ərazisini qarış-qarış gəzmək və s.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır