TƏHSİL

Tələbə qəbulunun nəticələrinə dair yayılan məlumatlara DİM münasibət bildirdi
05 SENTYABR
94

Tələbə qəbulunun nəticələrinə dair yayılan məlumatlara DİM münasibət bildirdi

2019-09-05 13:35:00

Dövlət İmtahan Mərkəzi (DİM) dünən sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında tələbə qəbulu nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək nəticə göstərən 20 bölgəyə aid yayılan məlumatlara münasibət bildirib.

DİM-dən Fins.az-a verilən məlumata görə, sosial şəbəkələrdə imtahan nəticələrinə əsasən qəbulolma faizinə görə ən yüksək nəticə göstərən bölgələrlə bağlı yayılan rəqəmlər və faiz göstəriciləri yanlışdır:

"Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, kiminsə "Facebook" profilində verilən informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər. Cəmiyyətin maraqlarını daha operativ şəkildə təmin etmək çoxsaylı informasiya sorğularını azaltmaq məqsədilə ən vacib məlumatlar DİM-in saytı və nəşr etdiyi jurnallar vasitəsilə dərhal verilir. Lakin digər rəsmi olmayan mənbələrdə verilən hər hansı bir məlumatı dərc etməmişdən öncə onu ilkin informasiya sahibi ilə dəqiqləşdirmək hər birimizin vəzifə borcu olmalıdır. Xüsusilə statistik məlumatlar paylaşılarkən diqqətli olmaq lazımdır. Böyük məlumat bazasına malik olmadan, dərin elmi-statistik təhlillər aparılmadan bu tip göstəricilərin qısa vaxt ərzində müəyyən edilməsi mümkün deyil. Kiminsə Facebook profilindən yanlış məlumatı götürərək onu informasiya sahibi ilə dəqiqləşdirmədən birbaşa paylaşmaqla gələcəkdə yarana biləcək məsuliyyəti nəzərə almalıyıq".

Mərkəzdən qeyd edilib ki, məlumatlar 2018-ci ilin müvafiq göstəriciləri ilə də uyğunluq təşkil etmir:

"KİV nümayəndələrinə bir daha müraciət edirik ki, qeyri-rəsmi mənbələrdən götürdükləri məlumatları DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər".

DİM-dən əlavə edilib ki, bu ilə aid imtahan nəticələrinin elmi-statistik təhlili qəbul kampaniyası tam başa çatdıqdan sonra aparılacaq və nəşr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır