TƏHSİL

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb
04 İYUL
186

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb

2019-07-04 09:38:00

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. 

Fins.az xəbər verir ki, müsabiqəyə iyunun 24-dən start verilmişdi.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Ötənilki müsabiqəyə qatılan şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək.

Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır