TƏHSİL

İki rayon üzrə “Məktəb seminarları”
06 MART
138

İki rayon üzrə “Məktəb seminarları”

2019-03-06 09:38:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən inkişafyönümlü tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

R.Tağıyev “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.

Müxtəlif sessiyalarda rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin mövcud ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub. 

Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269