TƏHSİL

Nazirlikdən müəllimlərə cavab
07 FEVRAL
263

Nazirlikdən müəllimlərə cavab

2019-02-07 15:27:00

Fins.az-ın məlumatına görə, AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablandırıb. 

“Həftədə 1 saat olan dərslərdən ilk yarımildə mütləq 3 KSQ yazılmalıdırmı?” sualına cavab olaraq şöbə müdiri bildirib ki, bu müəllimlərin çox müzakirə etdiyi məsələlərdəndir.

O, bildirib ki, bu fənn buraxılış imtahanı fənni deyilsə, şagirdin qiymətləndirilməsi aparılmalıdır. Çox vaxt həftədə bir dəfə tədris olunan fənlər buraxılış imtahanı fənləri deyillər: “Bildiyiniz kimi bu zaman qiymətləndirmə KSQ əsasında aparılır və onun ədədi ortası hesablanır. Bunun əsasında yarımillik qiymət çıxarılır. Burada KSQ minimum 3 dəfə keçirilməlidir. Bu, şagirdin xeyrinə olan qərardır. Çünki qiymətləndirmə bir dəfə keçirilsə, şagird müəyyən səbəblərdən aşağı nəticə göstərə bilər. 2 dəfə edəndə hər qiymətləndirmənin çəkisi artır. 2 dəfə keçirəndə ümumi qiymətdə hər birinin payı 50,  3 dəfə keçirəndə isə 33% olur. Minimum 3 dəfə şərtini qoyduq ki, şagird ilk imtahanda müəyyən səbəblərdən pis nəticə göstəribsə, digərlərində bunu bərpa edə bilsin və qiymətini itirməsin”.

Qeyd edək ki, yeni qaydalara əsasən, I siniflərdə summativ qiymətləndirmələr ləğv olunub. Kiçik summativ qiymətləndirmələr II sinifdən başlayaraq bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla aparılır. Böyük summativ qiymətləndirmə isə IV sinifdən etibarən keçirilir. O, IV, IX və XI siniflərdə bütün fənlər, V, VII, VIII, X siniflərdə isə yalnız buraxılış imtahanında keçiriləcək fənlər üzrə aparılacaq. Bu, yalnız təmayülləşmə tətbiq olunmayan orta məktəblərə aid edilir. Təmayül lisey və məktəblərdə isə pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə summativ keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır