TƏHSİL

Bu universitetdə Lütfi Zadə adına təqaüd təsis edildi
05 FEVRAL
430

Bu universitetdə Lütfi Zadə adına təqaüd təsis edildi

2019-02-05 14:45:00

ADA Universitetində keçirilən “Akademik Mükəmməlik Günü”ndə yeni təqaüd təsis edildi. Fins.az xəbər verir ki, universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub.

Təqaüd fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin ixtiraçısı Lütfi Zadənin doğum günündə İT və Mühəndislik İnstitutunun yeddi tələbəsinə (Rəşad Nağıyev, Lalə Əsgərova, Anar Mehrəliyev, İsmayıl İsmayılov, Elnur Abdullayev, Fidan Əliyeva və Sevinc Cəfərli) təqdim edilib. Mərasimi açan İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov sözügedən təqaüdün üstünlüyündən danışıb, bu cür imkanın tələbələri yaradıcılıq axtarışına daha da ruhlandırdığını vurğulayıb. Daha sonra Lütfi Zadə adına təqaüdə layiq görülən tələbələrdən biri - İT və Mühəndislik İnstitutunun IV kurs tələbəsi Sevinc Cəfərli böyük alimin dünya elminə töhfələrindən danışıb, bu barədə təqdimatla çıxış edib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə Lütfi Zadə adına təqaüdü təqdim edib.

Rektor çıxışında deyib ki, Lütfi Zadənin adı ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun tələbələri üçün çox əhəmiyyətlidir. Tələbələrin təhsildə qazandıqları nailiyyətləri məhz Lütfi Zadənin adı ilə bağlamaq həm onlar üçün, həm də institut üçün vacibdir. Eyni zamanda, bu hadisənin institutun gələcək inkişafı üçün böyük əhəmiyyəti var. Hafiz Paşayev, həmçinin Azərbaycanın ABŞ-da səfiri olduğu müddətdə Lütfi Zadə ilə görüşlərindən danışıb, xatirələrini bölüşüb. Qeyd edib ki, azərbaycanlı alim həmişə vətənpərvər mövqeyi ilə seçilirdi. 1965-ci ildə Lütfi Zadə Bakıya gələn zaman Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda çalışdığını deyən Hafiz Paşayev onun mühazirəsini dinlədiyini xatırlayıb. Vurğulayıb ki, o zaman gənc tədqiqatçılar belə bir azərbaycanlının dünyanın nüfuzlu alimləri ilə bir sırada dayanmasından qürur duyublar.

ADA Universitetinin “Akademik Mükəmməllik Günü”ndə, həmçinin əcnəbi tələbələr üçün nəzərdə tutulan və Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Əlimərdan bəy Topçubaşov adına təqaüd də verilib. Universitetin prorektoru Fariz İsmayılzadə bildirib ki, son semestrin nəticələrinə əsasən bu təqaüdü ADA-da təhsil alan 18 nəfər xarici tələbə qazanıb. Hər iki təqaüd proqramının qaydalarına görə tələbələr təhsil haqqından 100 faiz azad edilir. ADA Universitetinin “Akademik Mükəmməlik Günü”ndə hər semestrin nəticələrinə əsasən tədrisi yüksək qiymətlərlə başa vuran tələbələr müxtəlif təqaüdlərlə mükafatlandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır