TƏHSİL

Bu universitetdə dünyanın ən yaxşı professorları çalışır
04 FEVRAL
219

Bu universitetdə dünyanın ən yaxşı professorları çalışır

2019-02-04 14:24:00

“Bilkent Universitetində tələbə həyatı çox maraqlı olduğu kimi, dərslər də bir o qədər çətindir”. Fins.az xəbər verir ki, bunu müsahibəsində Türkiyədə oxuyan gənc soydaşımız Ayxan Əhmədli deyir. Son illər gənclərin xaricdə təhsil almağa marağı daha da artıb. Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər. Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər. Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Türkiyənin Bilkent Universitetində təhsil alan Ayxan Əhmədli universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Ayxan Əhmədli hazırda Bilkent Universitetində sənaye mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alır.

Öncə, universiteti haqqında ümumi məlumat:

Bilkent Universiteti Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Ali təhsil müəssisəsinin əsası professor İhsan Doğramacı tərəfindən 1984-cü ildə qurulub.

Yaxşısı budur, universitet haqqında Ayxan özü bizə məlumat versin:

“Bilkent Universiteti Türkiyədə ən keyfiyyətli təhsil verən ali məktəblərindən biridir”-deyən Ayxan bu barədə fəxrlə danışır:

"Vakıf Universiteti" sayılan bu ali təhsil müəssisəsində 12000-ə yaxın tələbə təhsil alır. Burada təhsil alan əcnəbi tələbələr çoxdur. Bilkent Universitetində kifayət qədər azərbaycanlı tələbələr də oxuyur. Burada dərs deyənlər dünyanın ən yaxşı universitetlərinin professor adını qazanan müəllimlərdir. Bilkent Universitetində tədris ingilis dilindədir. Universitetin kampusu həddindən artıq böyükdür. Kampusun hər yeri ağaclarla bəzənib. Universitetin yataqxanalarında da şərait yaxşıdır. Yataqxanalarda tələbələr üçün hər cür şərait yaradılıb”.

Ayxan bildirib ki, Bilkent Universitetində tələbələrin 43%-i təqaüdlə təhsil alır:

“Universitetdə müxtəlif klublar var. Onu da qeyd edim ki, sosiallaşmaq üçün bu klublardan bir neçəsinin üzvü olmaq kifayətdir. Demək olar ki, hər həftə müxtəlif tədbirlər, yığıncaqlar təşkil olunur. Bilkent Universitetində tələbə həyatı çox maraqlı olduğu kimi, dərslər də bir o qədər çətindir. Burada illik təhsil haqqı bir qədər bahadır. Onu da qeyd edim ki, Bilkent Universitetində tələbələrin 43%-i təqaüdlə təhsil alır. Və təqaüdün miqdarı 100%-ə qədər qalxır. Hər bir tələbəyə Bilkent Universitetində təhsil almağı tövsiyə edirəm. Əlavə olaraq bildirim ki, Bilkent Universitetində ödənişsiz də oxumaq mümkündür. Burada ödənişlə oxumaq istəyənlər üçün təhsil haqqı 14500 dollardır. Bilkent Universitetində ödənişsiz təhsil almaq istəyənlər imtahan verərək təqaüdü qazana bilərlər. Universitet SAT imtahanının nəticəsinə əsasən əcnəbi tələbələri qəbul edir. Onu da qeyd edim ki, təqaüd üçün hazırladıqları imtahanın suallarının müəllifləri öz müəllimləridir”.

© AzEdu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263