TƏHSİL

Gənc müəllimin "uğur hekayəsi"
11 YANVAR
329

Gənc müəllimin "uğur hekayəsi"

2019-01-11 10:20:00

Son dövrlər orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması istiqamətində bir sıra vacib addımlar atılır. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda uğur qazanan müəllimlərin bir çoxu ucqar məktəblərdə də fəaliyyət göstərir. Həmin müəllimlərin bir çoxunun “uğur hekayəsi” digər gənc müəllimlər üçün də nümunədir.  Fins.az bu dəfə Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Nuray Məhrəliyevin “uğur hekayəsi”ni təqdim edir. Nuray Məhrəliyev deyir ki, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub: “Ali təhsili bitirdikdən sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə 31 bal toplayaraq Ağsu rayon B.Nəsibov adına Dilman kənd tam orta məktəbinə qəbul oldum. İlk gündən işimə məsuliyyətlə, xüsusi sevgi ilə yanaşmağım qısa müddətdə məni məktəb rəhbərliyinin və şagirdlərin sevimli müəlliminə çevirdi. Müxtəlif idman yarışlarında şagirdlərimin qazandığı uğurlara görə Ağsu rayon təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırılmağım işimə daha çox sevgi ilə yanaşmağıma səbəb oldu”. 

Nuray Məhrəliyev 2016-cı ildə yerdəyişmə müsabiqəsində iştirak edərək Ağsu rayonu H.Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəbinə müəllim təyin edilib: “Daha sonra müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 53 bal topladım. Növbəti il yenidən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbə fiziki tərbiyə müəllimi təyin olundum. Üç il ucqar kənd məktəblərində işləsəm də, şəhərin seçilən məktəbində işləmək, uşaqların sevgisini qazanmaq çətin olmadı. Təhsil Nazirliyinin müəllimlərə xüsusi diqqətlə yanaşması, təhsil sistemində çoxdan lazım olan islahatların həyata keçirilməsi, diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən ədalətli şəkildə dərs bölgüsünün aparılması bizdə xüsusi məsuliyyət və ruh yüksəkliyi oyadır. Şagirdlərin fiziki tərbiyə müəllimlərinə həmişə xüsusi sevgisi olub. Dərslərimi kurikulum sistemi ilə quraraq, şagirdlərə fərdi yanaşma üsulundan istifadə edərək yarışlar və oyunlar təşkil etməklə bu sevginin daha yüksək səviyyədə inkişafına nail olmuşam. Yeni təyin olunmuş direktorumuz Aynurə Rzayeva hər cür problemlərimizlə maraqlanır və onların həll olunmasında yaxından köməklik göstərir. Bu diqqət və qayğının nəticəsi olaraq bütün idman növlərində rəqiblərimizin arzuolunmaz rəqibinə çevrilmişik. Voleybol idman növündə qızlardan ibarət "Zirvə" voleybol komandamız bütün rəqiblərinə qalib gələrək, zona birinciliyi yarışının qalibi olaraq şəhərimizi respublika üzrə təşkil olunacaq yarışda təmsil etmək üçün vəsiqə əldə etmiş, “Şən startlar” yarışında birinci və dördüncü sinif şagirdləri arasında şəhər üzrə çempion olmuşuq. Müəllim olmaq istəyən bütün namizədlərə bu şərəfli yolda uğurlar arzulayıram”.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266