TƏHSİL

Attestatla bağlı suallara verilən cavablar – Vacib bilgilər
10 YANVAR
319

Attestatla bağlı suallara verilən cavablar – Vacib bilgilər

2019-01-10 17:57:00

2019-cu ildə qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Fins.az xəbər verir ki, buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək  və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanındakı nəticənin üstünə gəlib, ümumi balla müsabiqə keçiriləcək. Fins.az abituriyentlərin çox saylı suallarını nəzərə alaraq, yekun təhsil sənədi, yəni attestatla bağlı qaranlıq qalan bir neçə məsələni sadələşdirilmiş formada diqqətə çatdırır:

Buraxılış imtahanında hansı balı toplasanız, o bal da attestatınıza yazılacaq.

IX sinif buraxılış imtahanı:

I mərhələ - Azərbaycan dili, Riyaziyyat, Xarici dil – maksimal bal - 90

II mərhələ - Azərbaycan dili, Riyaziyyat, Xarici dili – maksimal bal -210

XI sinif buraxılış imtahanı:

Cəmi 1 mərhələ - Azərbaycan dili, Riyaziyyat, İngilis dili – maksimal bal 300

Şagirdin yekun təhsil sənədinə qiymət deyil, məhz yuxarıda qeyd olunan formada imtahandan topladığı bal yazılacaq.

DİQQƏT! Buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq hər şagirdə attestat verilir. Yəni, çox aşağı nəticə göstərsəniz belə, attestat alacaqsınız.

Qaranlıq qalan əsas məsələ: Xarici dil seçimi…

Şagirdlər arasında çaşqınlıq yaradan əsas məsələ, buraxılış imtahanında xarici dil seçimi ilə bağlıdır. Şagird məktəbdə ona tədris olunan xarici dil fənnindən buraxılış imtahanı verir. O, məktəbdə 2 və daha artıq xarici dil keçibsə, bu zaman həmin şagirdlər həftədə  daha çox dərs saatı olan xarici dil fənnindən imtahan verəcəklər. Qəbul imtahanlarında da abituriyentlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Yəni, məktəbdə sizə tədris olunan əsas xarici dil fənnindən buraxılış imtahanı verəcəksiniz və imtahanda topladığınız bal həm attestata yazılacaq, həm də qəbul imtahanında nəzərə alınacaq.

Amma…

Abituriyent məktəbdə ona keçilməyən xarici dildən imtahan verərək qəbul imtahanında (I, II, III və IV qrup üzrə) həmin balın nəzərə alınmasını istəyirsə, o zaman şagirdə şans verilir ki, istədiyi xarici dildən əlavə imtahan versin. Bu zaman, məktəbdə keçdiyi xarici dildən verdiyi imtahan attestata yazılır, əlavə xarici dildən verilən imtahanının qiyməti isə qəbul imtahanında topladığı balın üzərinə gəlir.

Nümunə:

Məsələn, məktəbdə sizə xarici dil kimi ingilis dili keçiblər. Yaxud sizə ən çox keçirilən xarici dil, ingilis dilidir. Amma siz, alman dilini çox gözəl bilirsiniz və istəyirsiniz ki, qəbul imtahanı verəndə ingilis dilindən yox, alman dilindən topladığınız bal nəzərə alınsın. Bu zaman, buraxılış imtahanını ingilis dilindən verməyə məcbursunuz. Bu bal birbaşa attestata yazılacaq.

Lakin alman dilindən  əlavə imtahan vermisinizsə, bu zaman qəbulda topladığınız balın üzərinə ingilis dili yox, alman dilindən toplanılan bal gələcək. Buraxılış imtahanında verdiyiniz ingilis dilinin balı sadəcə olaraq attestata yazılacaq.

Rus bölməsində təhsil alan şagirdlər IX və XI sinif buraxılış imtahanlarında Azərbaycan dilin fənnin də imtahan verməlidirlər.

V qrup…

V qrup üzrə universitetlərə və kolleclərə qəbul  zamanı isə cari ilin abituriyentlərinin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Nəticə:

Buraxılış imtahanını verdiyiniz hər 3 fənnin nəticəsi qiymət şəklində deyil, bal formasında attestata yazılır.

Əlavə xarici dildən imtahan versəniz, qəbul imtahanında (I,II,III, və IV qrup üzrə) həmin fənnin balı nəzərə alınacaq.

Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanları aprel ayında keçiriləcək.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264