TƏHSİL

Təhsil ala bilməyən satıcı özünün məktəbini yaratdı
24 DEKABR 2018
88

Təhsil ala bilməyən satıcı özünün məktəbini yaratdı

2018-12-24 10:10:00

46 yaşlı Rajeş Qumar Şarma, hər səhər baqqal dükanını açmazdan əvvəl Hindistanın paytaxtı Dehlidəki bir  körpüyə baş çəkir. Bəziləri bilmirlər ki, onun ora getmə səbəbi körpü deyil, altında baş verənlərdir. Fins.az xəbər verir ki, körpünün altında Şarmanın yaratdığı pulsuz və hər kəsə açıq məktəb yerləşir. Divarsız məktəbin hüdudlarını körpünün ayaqları müəyyənləşdirir. Bura əksəriyyətini miqrant işçilərin, günəmuzd çalışanların və mövsümi işçilərin uşaqlarından ibarət təxminən, 300 şagirdə təhsil imkanı verən bir məktəbdir.

Bu layihə, Şarma üçün son dərəcə şəxsi bir məsələdir:

"Yalnız kasıb olduqları üçün bir nəslin yox olmasını istəmədim. İqtisadi çətinliklər üzündən mühəndis ola bilmədim. Məktəbi buraxmaq məcburiyyətində qaldım. Bu uşaqlar sayəsində mən də öz xəyalımı həyata keçirirəm. Məktəbi 2006-ci ildə açdım, bu il isə artıq 12-ci ilimizi qeyd edirik".

Məktəbdə səhərlər oğlan tələbələrə, günortadan sonra isə 120 qız tələbəyə iki saatlıq dərs keçirilir. Tələbələrin çoxu yaxınlıqdakı dövlət məktəbinə qeydiyyatda olsa da, pulsuz məktəb onlara riyaziyyat, ingilis dili, hindcə, tarix və coğrafiya fənlərində ehtiyac duyduqları əlavə dərsləri verir.

"Şagirdlərə dövlət məktəbinə getməyi yönləndiririk, çünki oradan çox fayda görürlər. Məsələn, pulsuz səhər yeməyi yeyə bilirlər”

Uşaqlar, körpünü parlaq rəngli rəsmlərlə bəzəyərək məktəbə damğalarını da vurublar . Müəllimlər ianə olaraq gələn plastik kürsülərdə,  tələbələr isə ianə yastıqlarda otururlar. Hər səhər dərs başlamazdan əvvəl şagirdlər yerləri silir.

Laxmi Çandra məktəbdə riyaziyyat dərsi keçir. Günəmuzda işləyən bir fəhlənin oğlu olan Çandra, yoxsulluğun uşaqları yanlış əməllərə yönləndirdiyini deyir:

"2011-ci ildən bəri burada müəllimlik edirəm. Böyüdüyüm yerdə yoxsulluq üzündən uşaqların çox səhvlər etdiyinə şahid oldum. Onların düzgün istiqamətləndirilməyə ehtiyacları var. Təhsillə onlara bunu verməyə çalışırıq. Bu sayədə daha parlaq gələcəkləri ola bilər".

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257