TƏHSİL

İbtidai və orta təhsil yalnız Azərbaycan dilində olmalıdır - Millət Vəkili
04 DEKABR
122

İbtidai və orta təhsil yalnız Azərbaycan dilində olmalıdır - Millət Vəkili

2018-12-04 15:18:00

Millət vəkili, akademik Gövhər Baxşəliyeva yenidən rusdilli məktəblərə marağın artması məsələsinə toxunub.

Fins.az xəbər verir ki, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili bu yöndə tendensiyanın artmasından narahatlığını ifadə edib. “Bu tendensiya məni şəxsən çox narahat edir. Bu yaxınlarda hətta belə bir məlumat açıqlandı ki, rusdilli məktəblərə övladlarını oxutmağa göndərmək istəyən valideynlərimizin sayı xeyli artıb. Bunun mütləq kökü, səbəbləri öyrənilməlidir. Bu, məni çox düşündürür və narahat edir. Mən heç bir dilin, o cümlədən, rus dilinin əleyhinə deyiləm. Amma bununla belə, hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır. Eyni zamanda, dediyim kimi, araşdırılmalı, səbəbləri öyrənilməlidir ki, nəyə görə valideynlər öz övladlarını rus məktəblərində oxutmaqda maraqlıdırlar.

Bu maraq nədən irəli gəlir? Ancaq bir məqamı bildirmək istəyirəm ki, uşaqlar başqa dildə oxuyanda və danışanda artıq başqa dilin, başqa mədəniyyətin daşıyıcılarına çevrilirlər. Mən bunu orta və ali təhsilini rus dilində alan bir şəxs kimi deyirəm. Onlar öz mədəniyyətlərinin deyil, başqa dillərin, başqa mədəniyyətlərin daşıyıcılarına çevrilirlər. Bu, çox ziyanlıdır.

Bəzən görürsən ki, nə ana, nə ata rus dilini bilir, amma övladını rusdilli məktəbə göndərir və bununla da öz övladını mənəvi cəhətdən şikəst edir. Sabah o uşaq dərsini tam anlaya bilməyəndə, necə olacaq? Ona görə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255