TƏHSİL

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq - Qaydalar açıqlandı
27 NOYABR
143

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılacaq - Qaydalar açıqlandı

2018-11-27 09:45:00

Azərbaycanda ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilməyəcək.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Hazırlıq qruplarında təhsilalanlar üçün 2 həftəlik qış tətili müddəti müəyyənləşdirilir.

Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları Qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir.

Hazırlıq qruplarında təhsil alan tələbələr ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməyə borcludurlar. Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

Hazırlıq qrupları Qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

cabmin.gov.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256