TƏHSİL

Aberdeen - Dünyanın ən möhtəşəm universitetlərindən biri ...Açılışa kraliça gəlmişdi”
13 NOYABR
94

Aberdeen - Dünyanın ən möhtəşəm universitetlərindən biri ...Açılışa kraliça gəlmişdi”

2018-11-13 11:50:00

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində gənclərin xaricdə təhsilə marağı daha da artıb. Təbii ki, burada maraq, istiqamət və niyyətlər fərqlidir.

Bəziləri xaricdə təhsil alıb, daha yaxşı karyera quracağını düşünür. Diqqətçəkən məqamlardan biri də budur ki, gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən, müəyyən edirlər. Universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər. Gənclərin bu kimi suallarına cavab tapmaq üçün Fins.az sizləri müxtəlif universitetlərlə tanış edir.

İlk olaraq,  Şotlandiyanın məşhur Aberdeen Universitetindən  söhbət açacağıq. Daha doğrusu, həmin tədris ocağını bitirən həmyerlimiz bizə Aberdeeni tanıdacaq:

Aberdeen Universiteti Şotlandiyanın eyniadlı şəhərində yerləşir. Təməli 1495-ci ildə qoyulub, St. Andrews və Qlazqo Universitetlərindən sonra Şotlandiyada üçüncü, dünyada isə ingilisdilli beşinci ən qədim universitetdir.

Bu gün Aberdeen Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir. Dünyanın ən yaxşı 150 universiteti arasında qərarlaşıb.

Universitet Aberdeenin simvolu olan rəmzi binaları ilə şəhər həyatında mühüm yer tutur. Universitetin 2 əsas şəhərciyi var; əsas tədbir və dərslər əsasən, Old Aberdeen Kings College şəhərciyində keçirilir.

Orada bakalavr pilləsi üzrə təhsil alan həmyerlimiz İsmayıl Süleymanovbildirir ki, şəhər Avropanın neft-qaz sənayesinin mərkəzi sayılır və universitet də bu sahə üzrə çox inkişaf edib. O, 2012-2016-cı illərdə Neft mühəndisliyi ixtisası üzrə təhsil alıb:

"Universitetdə xarici tələbələr çoxdur. Texniki avadanlıq, laboratoriyalar əla vəziyyətdədir".

İsmayılın sözlərinə görə, universitetdə tələbələr üçün təqaüd proqramları ayrılır. Burada 2012-ci ildə dünyanın ən gözəl üç kitabxanasından biri açılıb. Kitabxana 57 milyon funt sterlinq dəyərindədir:

“Kitabxana 7 mərtəbədən ibarətdir, ikisi yerin altındadır. Açılışda kraliça II Elizabet iştirak edib. 2014-cü ildə dünyanın ən gözəl üç kitabxanasından biri seçilib. Hətta kitabxananın fotosu Binq axtarış saytında birgünlük əsas şəkil kimi yerləşdirilib”.

İsmayıl bildirir ki, universitetin kəşfi olan“3D holoqrafiya üsulu”yla  2008-2012-ci illərdə ölkənin ən dərin yerlərində 3D şəkillər çəkilib. 1975-ci ildə isə Aberdeendə endorfinlərin, yəni xoşbəxtlik hormonlarının insan bədənində yaranması aşkar olunub. Ümumiyyətlə,  Universitet 5 Nobel mükafatına layiq görülüb. Bunlardan biri insulinin diabet xəstəliklərinin müalicəsində tətbiqinə görə verilib”.

İ.Süleymanlının sözlərinə görə,  Aberdeendə, ümumiyyətlə, xarici universitetlərdə bizimki kimi əzbərçiliyə yol verilmir. Burada araşdırmaya üstünlük verilir.

İnanırıq ki, şagird və tələbələrimiz məhz bu əzbərçilik asılılığından xilas olmaqla Aberdeen və o tipli  başqa universitetlərdən gələn işığa doğru hərəkət edəcəklər. Əsası odur ki, biz uzaqlardan gələn həmin işığın fərqində olaq. Çünki həmin universitetlər və mayaklar hər zaman işıq salmağa hazırdır.

©Azedu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255