TƏHSİL

Azərbaycanda metro işçiləri harada və necə yetişir? – Yeraltına aparan təhsil
08 NOYABR
214

Azərbaycanda metro işçiləri harada və necə yetişir? – Yeraltına aparan təhsil

2018-11-08 14:12:00

Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Hansı təhsil ali və orta ali təhsil qurumları metropoliten üçün kadrlar hazırlayır?

“Bakı Metropoliteni” QSC işçilərin təhsili istiqamətində hansı addımlar atır?

Fins.az saytı bununla bağlı yazını təqdim edir:

2015-ci ildən etibarən, “Bakı Metropoliteni” QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir.

Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.

Bundan əlavə,  2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin imzaladığı müvafiq əmrlə metropolitendə təlim-tədris mərkəzi yaradılıb. 14 gün sonra əsasnaməsi təsdiq edilən təlim-tədris mərkəzi “Bakı Metropoliteni” QSC-nin “Rabitə evi” texniki-inzibati binasında fəaliyyətə başlayıb.

Müasir sistemlərin tətbiqinə keçid, həmçinin,  əməyin səmərəli və yeni əsaslarla təmin edilməsi məqsədilə hər il tədris planı təsdiq edilir və kurslar fəaliyyətə başlayır. Keçirilən kurslara peşə səviyyəsinin artırılması, başqa işə keçirilmə, yeni peşə hazırlığı və digərləri aiddir. Tədris xidmət və sahələrin tələblərinə uyğun, həmçinin, istehsalatdan ayrılmadan və dinləyicilərin əsas peşə fəaliyyətinə mane olmadan yerinə yetirilir.

Təlimlər 5 günlük, 1, 3 və 6 aylıq kursların təşkili yolu ilə aparılır. Təlimatlar əsasında hazırlanmış  əyani vəsaitlərdən, təlimatçıların hazırladığı slayd və videoçarxlardan istifadə olunur, interaktiv məşğələlər keçirilir.

Ümumilikdə, təlim-tədris mərkəzinin fəaliyyəti dövründə iki mindən artıq metropolitençi kurslara cəlb olunub. Kurslar qatar maşinisti və maşinist köməkçisi, vaqon təmiri üzrə texniki personal, qatar dispetçeri, mərkəzləşmə məntəqəsi növbətçisi, qatarların qəbul edilib yola salınması üzrə növbətçi, avtomat-buraxılış məntəqəsi nəzarətçisi, nasos, ventilyator və eskalator mütəxəssisi, yol və tunel ustaları, usta köməkçiləri, rabitə, işarəvermə, elektrik təsərrüfatı üzrə böyük elektromexanik, ilməkçi, tunel lokomotivi maşinisti, elektrik qaz qaynaqçısı, kran maşinisti peşələrini əhatə edir.

Təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər, sadəcə, ixtisasartırma kursu keçmişdisə, növbəti dərs ili müxtəlif peşələrdən 1250 işçi, o cümlədən 555 mütəxəssis və 219 fəhlə, həmçinin yeni işə qəbul edilənlərdən 74 nəfər nəinki ixtisasartırma, həm də yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Onlardan 363-ü məhz yeni peşə hazırlığı kursu olub.

“Bakı Metropoliteni” QSC yeni işə qəbul edilənləri ödənişsiz peşə hazırlığı kurslarına cəlb etməklə həm bu sahədə yeniliyə səbəb olub, həm də onların metropoliten kimi strateji sahədə çalışmaları üçün münbit şərait yaradıb. Yeni peşə hazırlığı kurslarına qatarların qəbul edilib yola salınması üzrə növbətçi, eskalator təsərrüfatı üzrə növbətçi dispetçer və mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri vəzifələri daxil olub. Kursun sonunda imtahanda yüksək nəticə göstərənlər müvafiq peşə üzrə metropolitendə işlə təmin olunublar.

Kanada, Böyük Britaniya, Almaniya...

Metropolitendə kadr potensialının gücləndirilməsi, təchizatın müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübənin artırılması da diqqət mərkəzindədir.

Belə ki, metropoliten mütəxəssisləri yiyələndikləri bilikləri artırmaq üçün Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada beynəlxalq təcrübə keçiblər.

Hazırda tədris prosesini başa vuran mütəxəssislər aldıqları bilikləri metropolitençi həmkarları ilə bölüşür, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında yaxından iştirak edirlər.

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258