TƏHSİL

Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələ
06 İYUN
403

Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələ

2018-06-06 11:04:00

İyunun 5-dən Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının   pilot mərhələsinin keçirilməsinə başlanılıb.

TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək, kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.

Tədqiqatın pilot mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) təsadüfi seçimlə müəyyənləşdirdiyi və 7-si paytaxt, 18-i region məktəbləri olmaqla,  ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. Beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar.

Layihə cari ilin iyun ayının ortalarına qədər davam edəcək.

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər 4 ildən bir keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 60 ölkə TIMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TIMSS-ə yeni ölkələr qoşulur. TIMSS 2019-da təxminən 70 ölkənin iştirak etməsi gözlənilir. Bundan əvvəl ölkəmiz TIMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259