TƏHSİL

Stiven Hokinqin Tanrı və Bəşəriyyətin gələcəyi haqqında fikirləri
27 MART
496

Stiven Hokinqin Tanrı və Bəşəriyyətin gələcəyi haqqında fikirləri

2018-03-27 10:31:00

Stiven Hokinq elmlə məşğul olmayan insanların belə tanıdığı bir alim idi. Müasir dövr fizikasının ən məhşur alimlərindən biri olan bu dahi şəxs 14 mart 2018-ci ildə 76 yaşında İngiltərənin Kembric şəhərində yerləşən evində həyatını başa vurdu. Bu ingilis alimi ALS xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ömrü boyunca elmə çoxsaylı tövhələr verib. www.readit.azonline kitabxanasının hazırladığı məqalə bu möhtəşəm alimin son fikirləri ilə bağlıdır.

Tanrının varlığı

Alimin ən çox mübahisələr doğuran mülahizəsi Tanrının varlığı ilə bağlı fikirlərdir. Ancaq o, 2013-cü “Tanrının varlığının” mümkün ola biləcəyini açıqlayıb. 50 ildən çox müddətdir Allahın varlığını inkar edən, kainatın yaranmasının elmi faktlara əsaslandığını bildirən məhşur fizik Hokinq ömrünün sonlarına yaxın fikirlərində dəyişiklik edib. O, 2013-cü ildə verdiyi müsahibələrdən birində “Kainatın yaranması elmi faktlara əsaslanır, ancaq bu Tanrının olmadığı mənasına gəlmir” deyib.

Hokinq 1988-ci ildə yazdığı “Zamanın qısa tarixi” kitabında Kainatın yaradılmasında müəyyən bir yaradıcı qüvvənin olması haqqında fikirlərə yer versə də, fərdi şəkildə Tanrının varlığını heç vaxt qəbul etməyib. Hətta 2010-cu ildə yazdığı “Böyük Dizayn” adlı əsərində “Kainatı Allah yaratmayıb” fikrini işlədir. O, kainatın yaradılması ilə bağlı nəzəiyyələrdə Tanrıya ehtiyac olmadığını qeyd edirdi.

BBC-nin ingilis qəzetlərinə əsasən verdiyi xəbərə görə Hokinq “Necə ki, Darvinizm biologiyadakı iddiaları ilə yaradıcının varlığına olan ehtiyacı yox etdi, eləcə də yeni dövrün fizika nəzəriyyələri də kainatın yaranması məsələsində yaradıcının roluna ehtiyac olmadığı göstərir”.

Alimin fikirlərini müəyyən qədər dəyişməsinin səbəbinin nə olduğunu tam olaraq izah etmək mümkün olmasa da, bəzi hallarda bu “Tanrının varlığının həqiqiliyini və ya əksini sübut etməyin mümkünsüzlüyü” ilə əlaqələndirilir.

Süni İntellekt

Professor gələcəkdə robotların insanlardan daha üstün mövqe tutacağı məsələsində bəşəriyyəti xəbərdar edirdi. O, ötən il Wiredjurnalına verdiyi bir müsahibədə belə qeyd edir: “Süni intellektin tamamilə insanların yerini tutmasından qorxuram. Əgər inkişaf bu formada gedərsə, kimsə öz-özünə inkişaf edən və özünü kopyalayan bir növ süni intellekt yaradacaq. Bu isə insanlardan daha üstün olan bir həyat forması olacaq”.

Nüvə müharibəsi

Hokinq insanların bir-biri ilə daha çox empatiya qurmasını istəyirdi. O düşünürdü ki, əks halda insanın təbiəti nüvə texnologiyası ilə birləşərək hamımızın ölümünə səbəb ola bilər. O, İndependent jurnalına verdiyi müsahibədə deyirdi: “Ən çox düzəltmək istədiyim şey insan təbiətinin bir hissəsi olan təcavüzkarlıqdır. Bu xüsusiyyət ibtidai icma dövründə onların qida əldə etməsinə, yaxud sağ qalmasına kömək etmiş ola bilər, ancaq müasir dövrdə bizim həyatımız üçün təhlükə yaradır.”

Qlobal İstiləşmə

Alim bu məsələ ilə bağlı bəzi proqnozlar verib. ABŞ Prezidenti Donald Tramp ölkəsini iqlim dəyişikliyi barəsində qəbul edilmiş Paris razılaşmasından çıxardıqda Hokinq məsələnin ciddiliyi ilə bağlı bir neçə xəbərdarlıq vermişdi. O, BBC News-a verdiyi müsahibədə aşağıdakıları qeyd edirdi: “Qlobal istiləşmənin qarşısını almağın mümkün olmadığı bir dövrdə yaşayırıq. Trampın bu addımı dünyanı Veneranın vəziyyətinə gətirib çıxara bilər.”

İnsan əli ilə hazırlanan viruslar

Hokinq insanlar tərəfindən hazırlanan virusların bütün dünyada həyatın məhv olmasına səbəb ola biləcəyini deyir. Genlərin tam olaraq, necə işlədiyini heç kəs bilmir. Buna görə də, onlarda aparılan hər hansı bir dəyişiklik gözlənilən nəticəni verməyə bilər. Bu addım idarə edə bilməyəcəyimiz virusların yaranmasına və yayılmasına səbəb ola bilər.

Alimin həyatı və fəaliyyəti haqqında www.readit.az saytında yerləşdirilən Dr. Yaşar Atəşoğlunun “Hər şeyə rəğmən bacaranlar” kitabının qısa məzmununu əldə etməklə oxuya bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272