STATİSTİKA

Bu rayonda üzüm bağlarında məhsul ötən ildəkindən çox olacaq
26 AVQUST
225

Bu rayonda üzüm bağlarında məhsul ötən ildəkindən çox olacaq

2019-08-26 13:14:00

Salyanda kütləvi üzüm yığımına başlanılıb. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən və bağlarda nümunəvi becərilmə işləri aparıldığından üzümlüklərdə bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birgə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933,9 hektarı barverəndir. Ötən il bağlardan 4743,3 ton məhsul toplanıb.

Bu il də plantasiyalarda məhsul çoxdur. Bağbanlar ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımını aparırlar. Qısa müddətdə sahələrdən 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən ildəkindən 20-25 faiz çox olacaq.

Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır