STATİSTİKA

Bir ay ərzində bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
12 İYUN
197

Bir ay ərzində bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2019-06-12 11:59:00

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində uzun düyünün, qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, kərə yağının, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatlarının qiymətlərində ucuzlaşma, yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır