STATİSTİKA

Pərakəndə ticarət şəbəkəsinin STATİSTİKASI açıqlandı
19 NOYABR
72

Pərakəndə ticarət şəbəkəsinin STATİSTİKASI açıqlandı

2018-11-19 09:40:00

Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256