SOSİUM

Mərkəz: Son iki il ərzində 159 işəgötürən pozuntuya yol verib
11 OKTYABR
81

Mərkəz: Son iki il ərzində 159 işəgötürən pozuntuya yol verib

2019-10-11 14:35:00

''Əmək və ya xidməti müqavilə olmadan işçi götürən işəgötürənlərdən 90 nəfəri barəsində inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib''. 

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev bildirib.

Onun sözlərinə görə, 4 işəgötürən üzrə isə əməldə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib: ''Ümumilikdə pozuntu halları üzrə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib. İki il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 300-ə yaxın tikinti obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilərək qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib''. 

Müdir müavini işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi və hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edib: "Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 (40%) işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 (13%) işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır