SOSİUM

İkinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının artmasına imkan verib
16 AVQUST
95

İkinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının artmasına imkan verib

2019-08-16 10:57:00

Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Fins.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni qanunla pensiyanın minimum məbləğinin artırılması 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı baxımından mühüm önəm kəsb edir.

Ölkə Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və s. kateqoriyalar üzrə əmək haqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar, qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilmiş ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır