SOSİUM

“Aliment fondu yaradılsa, boşanmaların sayı artacaq”
07 AVQUST
179

“Aliment fondu yaradılsa, boşanmaların sayı artacaq”

2019-08-07 10:21:00

Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7082 boşanma halı qeydə alınıb.

Eyni zamanda, əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Boşanmalardan sonra isə keçmiş cütlüklər arasında başqa problem yaranır ki, bu da alimentlə bağlıdır.

Ombudsman Elmira Süleymanova isə alimentlərlə bağlı problemin həlli məqsədilə ölkədə Aliment Fondunun yaradılması üçün Milli Məclisə müraciət etdiyini açıqlayıb. 

Fins.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova Oxu.Az-a açıqlamasında deyib ki, Aliment Fondu yaradılsa, belə problemlər öz həllini tapar.

O bildirib ki, adıçəkilən fond yaradılacağı təqdirdə, mexanizmlərin icra edilməsi prosesində problem olmaması üçün bütün hallar nəzərə alınacaq:

“Düşünürəm ki, Aliment Fondu yaradılsa, sui-istifadə hallarının da qarşısı maksimum şəkildə alınacaq. Bəzən düşünə bilərik ki, insanlar sırf aliment almaq məqsədilə boşanacaqlar. Amma yəqin ki, sui-istifadə hallarının olmaması üçün prosedurlar da tərtib olunacaq”.

O.Rəhimova onu da əlavə edib ki, qanunvericilikdə nəzərdə tutulmuş alimentin miqdarı artsa belə, bu, boşanmaların sayına təsir etməyəcək.

“Alimentin müəyyən edilməsi boşanma olmadan da mümkündür. Ancaq 90 faiz hallarda aliment boşanmadan sonra təyin edilir. Aliment məbləğinin artırılması ailələrin dağılmaması məsələsində yardımçı olmayacaq”.

Psixoloq Taryel Faziloğlu isə düşünür ki, Aliment Fondunun yaradılması problemləri həll etməyəcək. O, fikrini psixoloji məqamlarla əsaslandırmağa çalışıb.

“Aliment Fondunun yaradılması boşanmaların sayının azalmasına gətirib çıxarmayacaq, əksinə, bu proses daha da sürətlənəcək. İndiki vəziyyətdə belə bir fondun yaradılmasını psixoloji baxımdan doğru addım hesab etmirəm. Onsuz da Azərbaycanda ailə institutu ciddi şəkildə deqradasiyaya məruz qalıb. Azərbaycanda klassik ailə modeli iflasa uğrayır. Yerinə isə yeni ailə modeli qoyulmayıb”.

Psixoloqun fikrincə, ailə institutundakı belə qeyri-müəyyənlik boşanmaların çoxalmasına gətirib çıxarır:

“Belə bir məqamda isə Aliment Fondunun yaradılması psixoloji baxımdan boşanmaların qarşısını almayacaq. Bu addımın psixoloji olaraq ailələrdə problemin həll edilməsinə yardımçı olacağına inanmıram. Əksinə, boşanmaların sayının daha da artmasına gətirib çıxaracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır