SOSİUM

DOST mərkəzlərində göstəriləcək 126 xidmətin azı 91-nin elektronlaşması nəzərdə tutulub
31 İYUL
360

DOST mərkəzlərində göstəriləcək 126 xidmətin azı 91-nin elektronlaşması nəzərdə tutulub

2019-07-31 17:25:00

“Fəaliyyət sahələri üzrə elektronlaşmanın tətbiqinin genişləndirilməsi, proaktiv xidmətlərə keçidin təmin olunması yönündə mühüm addımlar atılıb. Nazirliyin e-xidmətlərinə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığorta olunanın ölümünə dair məlumatın onlayn qəbulu”, “Ailə kəndli təssərrüfatının onlayn uçota alınması”, “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” və s. 30-a yaxın e-xidmətlər daxildir. Qeyd edim ki, bu e-xidmətlərin hər biri Elektron Hökumət Portalına inteqrasiya olunub” . Fins.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Pensiya təyinatının avtomatlaşdırılmış mexanizminin yaradıldığını deyən Fazil Talıbov bildirdi ki, bu mexanizmin hazırda bütün sosial təminat sistemində genişləndirilməsi işləri aparılır: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar mühüm islahat tədbirlərindən biri kimi, pensiya təyinatının avtomatlaşdırılmış mexanizmi yaradılıb. Sözügedən xidmət 2019-cu ilin əvvəlindən Azərbaycanda ilk proaktiv xidmət kimi işə salınıb. Bununla da pensiya hüququ yaranan şəxslərə pensiya heç bir yerə getmədən və heç bir sənəd təqdim etmədən avtomatik təyin olunur. İslahatın tərkib hissəsi kimi fərdi hesabında pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır və e-qaydada pensiya təyin edilir. Avtomatlaşdırılmış təyinat mexanizminin hazırda bütün sosial təminat sistemi (müavinət və təqaüdlər) boyu genişləndirilməsi işləri aparılır”.

F.Talıbov qeyd etdi ki, DOST layihəsinin elektron xidmətlərə keçidi sürətlənib: “DOST layihəsi dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməklə keyfiyyətinin yüksəldilməsi, innovative həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir. 2019-2025-ci illərdə 31 DOST mərkəzi yaradılacaq. DOST mərkəzlərində göstəriləcək 126 xidmətin ən azı 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı vaxtdan ötən müddətdə bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildəd igər 70 xidmətin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada da geniş DOST xidmətləri sistemi qurulacaq”.

Qeyd edək ki, 2019-cu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyona yaxın müraciət qeydə alınıb. Bu da onu göstərir ki, Nazirliyin e-xidmətləri ən çox müraciət olunan qurumların siyahısında əsasən birinci olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır