SOSİUM

Noyabrın 1-dən uşaqların övladlığa götürülməsində yeni qaydalar tətbiq ediləcək
02 İYUL
103

Noyabrın 1-dən uşaqların övladlığa götürülməsində yeni qaydalar tətbiq ediləcək

2019-07-02 18:07:00

“Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il fərmanına uyğun olaraq övladlığa uşaq götürmə ilə bağlı bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilib”.

Bunu  ƏƏSMN-nın Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, bura dövlət siyasətinin aparılması, övladlığa götürmənin məqsədəuyğunluğu haqqında rəyin verilməsi, övladlığa götürmə ilə bağlı vahid elektron uçotun yaradılması, əcnəbilərlə bağlı övladlığa götürülən uşaqlara razılığın verilməsi və digər səlahiyyətlər daxildir: “Eyni zamanda fərmanda nazirliyə övladlığa götürmə sahəsinin elektron uçotunun aparılması üçün vahid elektron Alt sistemin yaradılması ilə bağlı tapşırıq verilib. Bu Alt sistemin üstünlüyü ondan ibarətdir ki, ilk növbədə bu sahədə olan uçot elektron qaydada aparılacaq”. 

F. Ələkbərov bildirib ki, indiki qanunvericiliyə görə, 3 yaşa qədər olan uşaqlarla bağlı uçot Səhiyyə Nazirliyində, 3 yaşdan yuxarı uşaqların uçotu Təhsil Nazirliyində, əcnəbilərin övladlığa götürməsi ilə bağlı qeydiyyat isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində aparılır: “Alt sistemin tətbiqi ilə bütün bu uçotlar vahid sistem altında toplanacaq. Bu Alt sistem də elektron şəkildə həyata keçiriləcək. Artıq vahid sistem üzərindən həm övladlığa götürülən uşaqların, həm də valideyn namizədlərin uçotu aparılacaq. Alt sistem təkcə uçotu deyil, eyni zamanda övladlığa götürmə prosesinin elektron şəkildə aparılmasını, müraciətlərin qəbulunu, övladlığa götürmə ilə bağlı sənədlərin toplanmasını nəzərdə tutur. Belə ki, bu sistemə bir sıra dövlət orqanlarının informasiya ehtiyatları inteqrasiya olunacaq. Qanunvericiliklə tələb olunan sənədlər artıq vətəndaşlardan əllə toplanmayacaq, birbaşa həmin informasiya ehtiyatlarından əldə olunacaq. Yəni vətəndaşların harasa müraciət etməsinə ehtiyac qalmayacaq". 

Qeyd edək ki, övladlığa götürmə ilə bağlı səlahiyyətlərin  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi və Alt sistemin tətbiqi noyabrın 1-dən nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269