SOSİUM

Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16 MAY
106

Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib

2019-05-16 16:33:00

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib.

BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetanonun moderatorluğu ilə baş tutan Sammitdə Beynəlxalq Əmək Təşkilatının Sosial müdafiə departamentinin müdir müavini Valeri Şmit məruzə ilə çıxış edib.  

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi və qarşıya çıxan çağırışlara uyğun olaraq təkmilləşdirilməsi üçün müəyyən edilən prioritetlər, atılan addımlar barədə məlumat verib. O, iştirakçıların suallarını cavablandırarkən, şəffaflığın, sosial ədalətin və sosial xidmətlərdə hesabatlılığın təmin edilməsinin sosial müdafiə və idarəetmənin etibarlı əsaslara istinad etməsi və bu sistemə inamlı yanaşma üçün vacib olduğunu qeyd edib. Bunun effektiv tənzimləyici qanunvericilik çərçivəsi və institutlar, ixtisaslı işçi heyəti və təkmil texnologiyalar sayəsində əldə edilə biləcəyini deyib. Nazir bu mənada Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərini, yeni qanunların qəbul olunduğunu diqqətə çatdırıb. Habelə yeni yaradılan qurumların, xüsusilə DOST Agentliyinin bu istiqamətdə xüsusi önəmini qeyd edib.  

S.Babayev həmçinin müvafiq fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi və e-xidmətlərin, eyni zamanda, proaktiv xidmətlərin əhatə dairəsinin  genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Milli sosial müdafiə sistemlərində bu sahədə aparılan işləri diqqətə çatdırıb.

Panel iclasında Rusiya Federasiyası Əmək və Sosial Müdafiə nazirinin müavini Andrey Pudov, BSTA-nın Prezidenti Yoakim Bröyer, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Stijn Broek, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası Direktorunun müşaviri Ermek Kuanışev region ölkələrində sosial təminat sistemləri qarşısında mühüm çağırışlar və aktual vəzifələr barədə yanaşmalarını qeyd edib, sualları cavablandırıblar.

İclasda sosial rifah üçün vacib element olan sosial təminatda inkişaf və təkmilləşmənin davamlı olmasının, bu sahədə qarşıya çıxan çağırışlara uyğun ardıcıl strategiyaların hazırlanması və reallaşdırılmasının önəmi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262