SOSİUM

18 may Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olunacaq
14 MAY
140

18 may Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olunacaq

2019-05-14 11:08:00

18 may Beynəlxalq Muzeylər Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Bu əlamətdar gün Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Tədbirin rəsmi açılışı 17 may saat 17:00-da Park Bulvar AVM-nin I mərtəbəsində olacaq və 19 may tarixinədək bu məkanda davam edəcək. Belə ki, həmin günlərdə qonaqlara Azərbaycan Xalça Muzeyi toxuculuq üzrə ustad dərslər, interaktiv təhsil proqramları, uşaqlar üçün “Cırtdanın nağılı” tamaşası; Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomima, Kölgə teatrı, rəssamlıq üzrə ustad dərslər, viktorina; “İçərişəhər” Muzey Mərkəzi interaktiv − xınayaxdı mərasimi və FaceArt, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları; Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri; Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnə; Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı; Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır