SOSİUM

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıb
03 APREL
125

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıb

2019-04-03 16:21:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycanda səfərdə olan sosial müdafiə qrupu ilə görüş keçirilib.
NazirlikdənFins.az -a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib. Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması, sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb. 

A.Əliyev, eyni zamanda, sosial müdafiə siyasətində aktiv tədbirlərə, məşğulluq amilinə üstünlük verildiyini deyib. O, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılması üçün dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı barədə məlumat verib. 

Nazir müavini qeyd edib ki, 2018-ci ildə proqrama cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə artıb, biznes planlarını uğurla müdafiə edən 7 267 nəfər proqramın iştirakçısı olub. Həmin şəxslər əsasən daha həssas kateqoriyalardan olan vətəndaşlardır. Proqram çərçivəsində verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarına sahib olublar. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bu proqrama dəstək məqsədilə icra olunan “Sosial bağlar” layhəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. 

Qarşıdakı dövrdə də proqramın əhatə dairəsinin genişləndiriləcəyini deyən A.Əliyev Dünya Bankı ilə əməkdaşlığın bu sahədə öz töhfəsini verəcəyini vurğulayıb. 

Sosial müdafiə qrupunun rəhbəri, iqtisadçı Sandor Karacsoni və qrupun digər üzvləri proqramın əhatə dairəsinə daha çox sayda insanın cəlb edilməsinin sosial və iqtisadi əhəmiyyətini və Dünya Bankının bu istiqamətdə öz dəstəyini verməyə hazır olduğunu qeyd ediblər. Görüşdə özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq məsələləri, bu məqsədlə hazırlanan birgə layihənin detalları müzakirə olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266