SOSİUM

Novruz Məmmədov parlamentdə hesabat verəcək – İLK DƏFƏ
12 MART
211

Novruz Məmmədov parlamentdə hesabat verəcək – İLK DƏFƏ

2019-03-12 10:31:00

Nazirlər Kabinetinin son bir illik hesabatı artıq parlamentə daxil olub.

Bu haqda  Milli Məclisdən (MM) məlumat verilib.

Qeyd edilib ki, hökumətin illik hesabatı hələlik parlament rəhbərliyinə və komitə sədrlərinə göndərilib.

“Bugünlərdə isə hesabat bütövlükdə millət vəkillərinə paylanılacaq ”- deyə bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin son bir illik fəaliyyəti ilə bağlı baş nazirin hesabatı MM-in 15 mart tarixli plenar iclasında müzakirə olunacaq.

Hökumət adından baş nazir Novruz Məmmədov hesabat məruzəsi ilə çıxış edəcək.

Xatırladaq ki, bu, baş nazir kimi N. Məmmədovun parlament qarşısında ilk hesabatı olacaq.

Belə ki, ötən ilin 11 aprel seçkilərindən cəmi 10 gün sonra prezident İlham Əliyev baş nazir Artur Rasi-zadəni istefaya göndərmiş və  bu vəzifəyə Xarici siyasət məsələləri üzrə köməkçisi  N. Məmmədovun namizədliyinin təsdiqlənməsi ilə bağlı parlamentə müraciət etmişdi.

Parlamentin 21 aprel 2018-ci il xüsusi iclasında da N. Məmmədovun namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və 1996-cı ildən, yəni, 22 ildən sonra ölkənin yeni baş naziri təsdiqlənmişdi.

Onu da qeyd edək ki, növbəti hesabatda baş nazirin birinci müavini və müavinləri, həmçinin, iqtisadi sferaya daxil olan nazirlər, şirkət, konsern və ASC prezidentləri, dövlət komitələrinin sədrləri qatılacaqlar.

Bir gün davam edən müzakirələrin sonunda hökumətin hesabatı səsverməyə çıxarılacaq və təsdiqlənəcək.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Oxu.Az-a açıqlamasında hökumətin son bir illik fəaliyyətini təqdirəlayiq hesab etdiyini və müsbət qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti əvvəlki illərdə olduğu kimi, son bir il ərzində də üzərinə düşən vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlib:

“Hesab edirəm ki, hökumət bu bir il müddətində çox yaxşı işləyib, çox yaxşı fəaliyyət göstərib.

Ölkənin iqtisadi göstəriciləri, görülən işlər, kənd təsərrüfatının inkişafı, prezident seçkilərindən sonra hökumətdə olan islahatlar, dəyişikliklər hamısı onu deməyə əsas verir ki, hökumətin hesabatı, fəaliyyəti qənaətbəxşdir, müsbətdir”, - deyə S. Novruzov əlavə edib.

Digər millət vəkili Eldəniz Səlimov da həmkarı kimi hökumətin son bir illik fəaliyyətini müsbət dəyərləndirdiyini bildirib.

“Tam əminliklə və qətiyyət hissi ilə deyə bilərik ki, keçən il dərin iqtisadi islahatlar ili olub və bu islahatların nəticələrini də hər kəs görür. 

Bu yerdə onu da xüsusilə qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, cəmi bir il ərzində biz 32 pillə irəliyə getmişik. Ümumi Daxili Məhsul (ÜDM), yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır.

Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Ötən il inflyasiya cəmi 2,3 faiz olub, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Bununla da, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Manatın məzənnəsi sabitliyini qoruyub saxlayıb. Kənd təsərrüfatı 4,6 faiz artıb, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. 

Həmçinin, keçən il valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də az olmayıb, amma valyuta ehtiyatlarımız 3 milyard dollar məbləğində artıb. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb ki, bu da çox müsbət haldır.

Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçısının da vurğuladığı kimi, “qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq”.

Bu baxımdan inanıram  və əminəm ki, biz borcu tədricən azalda-azalda gedəcəyik.  
Həmçinin, keçən il 118 min daimi iş yeri yaradılıb. İşsizliyin aşağı səviyyədə saxlanılması üçün bu, çox əhəmiyyətli məsələdir.

Bununla yanaşı, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş, turist gəlib ki, bu da 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər və bu, bir daha onu göstərir ki, turizmin inkişafı ilə bağlı aparılan siyasət öz müsbət nəticələrini verir.

Bununla həm insanlarımız qazanır, həm iqtisadiyyatımız, büdcəmiz gəlir əldə edir, həm də ölkəmiz tanınır, turzim ölkəsi kimi dünyada öz yerini təsdiqləyir” - deyən E. Səlimov sonda hökumətin növbəti ildə və dönəmlərdə də uğurla fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264