SOSİUM

Yanvarda əlilliyi olan şəxslər 2659 reabilitasiya vasitəsi ilə təmin edilib
06 FEVRAL
204

Yanvarda əlilliyi olan şəxslər 2659 reabilitasiya vasitəsi ilə təmin edilib

2019-02-06 15:59:00

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1032 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, həmin insanlardan 125 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

Ötən ay əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 86 aşağı və yuxarı ətraf, habelə döş protezi, 61 yuxarı və aşağı ətraf ortezi, 666 müxtəlif reabilitasiya vasitəsi, 722 cüt ortopedik və protez ayaqqabı, 94 dördayaqlı dayaq vasitəsi, 65 cüt qoltuqaltı ağac, 149 cüt dirsəkaltı ağac və s. verilib.

Yanvar ayında 87 nəfər əlilliyi olan şəxs isə əlil arabaları ilə təmin edilib. Ümumilikdə ötən ay əlilliyi olan şəxslər Mərkəzin xətti ilə 2659 reabilitasiya vasitəsi ilə təmin olunublar, 83 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır