SOSİUM

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu qaydaları təsdiqləndi
24 DEKABR 2018
453

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu qaydaları təsdiqləndi

2018-12-24 17:20:00

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Fins.az-ın məlumatına görə, qaydalarda qeyd edilir ki, bu qaydaların 3.6-cı bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir.

Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

İkinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir.

Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir.

Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanı, eləcə bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər.

Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272