SOSİUM

72 şəhid ailəsinə ev verildi
19 DEKABR 2018
298

72 şəhid ailəsinə ev verildi

2018-12-19 16:39:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından aldığı 72 mənzili şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Nazirlikdən Fins.az-a verilən xəbərə görə, mənzillərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzillə təminatı işləri ildən-ilə genişlənir. 
V.Nəsirli şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Prezidentinin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təminatının da həyata keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bugünədək artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir. 
Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib. 
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. 
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266