SOSİUM

Müavinət, təqaüd və yardım yeni qaydada təyin olunacaq
14 DEKABR 2018
436

Müavinət, təqaüd və yardım yeni qaydada təyin olunacaq

2018-12-14 10:23:00

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda dəyişikliklər edib.

Fins.az-ın məlumatına görə, bu dəyişikliklər Prezident İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il fərmanı ilə əlaqədardır.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə “e-sosial” internet portalının 3 ay müddətində yaradılmasını təmin etmək tapşırılıb.

Beləliklə, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na dəyişiklik müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə əlaqədardır. Dəyişikliyə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın alınması üçün elektron formada müraciət edən ailəni təmsil edən şəxs (təmsilçi) fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. İndiyə qədər təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərib. Dəyişikliyə əsasən artıq təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” portalı ilə bərabər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portalına deyil, nazirliyin “e-sosial” internet” portalında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərəcək.

“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda da müvafiq olaraq “Elektron xidmətlər” “e-sosial” internet”lə, “Mərkəzləşdirlmiş informasiya sistemiİ” “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” ilə əvəz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256