SOSİUM

İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib
04 DEKABR
87

İlham Əliyev ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

2018-12-04 16:18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fins.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlət başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirib, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd edib.

Dövlət başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin, həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə “ASAN xidmət” təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev xanım Laura Kuperin səfərinin və iki ölkə arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256