SOSİUM

DOST Agentliyinin konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub
20 NOYABR
162

DOST Agentliyinin konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub

2018-11-20 17:41:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet saytının - www.sosial.gov.az - təqdimat mərasimi keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.

Baş nazirin müavini Əli Əhmədov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini, ötən dövrdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunduğunu bildirib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatları qeyd edən Ə.Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.

“E-sosial” internet portalı, nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi də təqdim olunub.

Təqdimatı edən nazirliyin şöbə müdiri Kənan Əskərov qeyd edib ki, “e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır: "Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda vətəndaşa proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir. Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar aparılmaqla, hüquqları barədə məlumat veriləcək. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intelektual analizlər apararaq interaktiv təşəbbüslərlə cıxış edəcək. Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN imza ilə daxil olmaq olar".

K.Əskərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqosunda istifadə olunan komponentlər nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır.

O bildirib ki, bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəfaflığı ifadə edir: "Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Yeni loqodakı mesajlar nazirliyin yeni qurulan rəsmi internet saytının da məramını ifadə edir. Yeni sayt - www.sosial.gov.az istifadəçiyə nazirlik, nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir, bu xidmətlərə müraciət üçün prosedurları sadə şəkildə izah edir, həmçinin e-xidmətlərə birbaşa çıxışa imkan yaradır".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256