SOSİUM

Dəm qazı “kabusundan” necə qorunaq?
02 NOYABR
148

Dəm qazı “kabusundan” necə qorunaq?

2018-11-02 15:49:00
Qış özü ilə yalnız soyuq gətirmir. Bu fəsil Azərbaycanda həm də dəm qazından boğulma halları artır. Təəssüf ki, qaz sobaları təkcə evləri isitmir, həm də insanların həyatına son qoyur. 

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, havalar soyusa da, dəm qazından boğulma ilə bağlı müraciətlərin sayında artım yoxdur:

“Bu həftə ərzində dörd nəfər dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. İki nəfərin vəziyyəti orta-ağır olduğu üçün bir gecə xəstəxanada qalıblar”.

Azər Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə halı daha çox qapalı mühitdə olur:

“Zəhərlənmələr zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları olur. Hamam otağı qapalı və isti olduğundan dəm qazından boğulma zamanı ölüm halı tez baş verir. Çünki isti nəticəsində damarlarda qanın hərəkəti intensivləşir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır.

Dəm qazının rəngi və qoxusu olmadığı üçün təhlükəlidir. Qapalı mühitdə elə olur ki, iki-üç dəqiqə içində hadisə baş verir. Əsasən uşaqlar və qadınlar dəm qazından daha tez boğulurlar.

Ümumiyyətlə, dəm qazı qadınları daha tez boğur və fəsadı da yüksək olur. Bunun səbəbi oksigen çatışmazlığın həssaslığı və müqavimətin zəif olmasındandır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dəm qazından boğulma halları insanların səhlənkarlıqdan baş verir:

“Pəncərələri, hamam otağının qapısını bağlayır, tüstü bacalarının təmizlənməsinə əhəmiyyət verilmir. Dəfələrlə insanlara xəbərdarlıq edirik ki, gecə qazı söndürüb yatın. Uşaqlara, qocalara qazla rəftar etməyə icazə verməyin. Dəm qazından zəhərlənmələrin əksəriyyəti hamam və yataq otağında baş verir.

Hamam otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər olmalıdır ki, oradan içəri hava daxil olsun. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4-oksid əvəzinə karbon 2-oksid hasil edir. Dəm qazı otağa daxil olduğu müddətdən 7-30 dəqiqəyə insan həyatına son qoya bilir. Onu da deyim ki, tüstü bacaları payızda yoxlanılmalıdır”.

Ekspert bildirib ki, mağazalarda dəm qazından qorunmaq üçün aparatlar satılır:

“Həmin cihazlar dəm qazı zamanı reaksiya verir. Bu cihazı almaq lazımdır. Yeni binaların bəzilərində aparatlar quraşdırılıb. Bu cihazlar olsa, 50 faizə qədər qazdan boğulma halları azalar”.

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda tüstü bacaları düzgün təmizlənmir:

“Kim necə istəyir, elə təmizləyir. Halbuki bacaların quraşdırılması və təmizlənməsi texnologiyası var. Payız ayında tüstü bacaları təmizlənməlidir. Dördgöz sobalar olan otaqda qazı söndürüb yatmaq lazımdır. Dəm qazından boğulma halları ilə bağlı bizə çoxsaylı şikayətlər gəlir”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) hər il dəm qazından zəhərlənmələrlə bağlı vətəndaşlara xəbərdarlıq edir. 

Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.

Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.

Bu eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.

Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.

Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258