SOSİUM

"Xarici ölkələrin qanunvericilik orqanları ilə 20-yə qədər saziş bağlanıb" - MM SƏDRİ
21 SENTYABR
158

"Xarici ölkələrin qanunvericilik orqanları ilə 20-yə qədər saziş bağlanıb" - MM SƏDRİ

2018-09-21 10:08:00

Parlament özü mahiyyət etibarı ilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən isə demokratiyanın inkişafı və onun dönməzliyinin təmin edilməsi üçün zəruri şərtdir. Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğruldub”.

Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

Spikerin sözlərinə görə, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir: “Parlament milli qanunvericiliyi qabaqcıl dünya ölkələrinin hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Milli Məclis dövlətin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüquqi mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir. Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür. Müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu getdikcə artır. Bunun sadə bir səbəbi var. Parlament diplomatiyasının dili çox anlaşıqlıdır. Beynəlxalq siyasətlə bağlı olan bir sıra məsələlərdə parlament diplomatiyası ənənəvi diplomatiya üsullarını uğurla tamamlayır. Parlament diplomatiyası parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni bir sahəsidir. O, dövlətlərin qarşılaşdıqları problemlərin həllinə, sivilizasiyalararası dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir. Məhz buna görə də Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanmışdır. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb”.

O.Əsədov qeyd edib ki, Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir: “Hər il Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabat və məruzələri dinlənilir. Azərbaycan parlamenti dövlət büdcəsinin icrasına nəzarət edir, qanunların icrasının monitorinqini həyata keçirir. Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçən insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər”.

Azərbaycanda nümunəvi parlament - Prezident münasibətlərinin bərqərar olduğunu bildirən O.Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir: "Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır. Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə böyük uğurla rəhbərlik edib. O, Milli Məclisin gündəlik işini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olub. Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük hörmət, diqqət və qayğı göstərir. 2013-cü və 2018-ci illərdə Azərbaycan Prezidentinin andiçmə mərasimləri Milli Məclisdə təşkil edilib. Milli Məclisin deputatlarının iş şəraitinin yaxşılaşdırılması, parlamentin qanunvericilik və qanunyaratma fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən bütün tədbirlər dövlət başçısı tərəfindən hər vasitə ilə dəstəklənir. Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Müasir Azərbaycanın 100 yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən, icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259