SOSİUM

Azərbaycanda makulaturaya tələbat varmı? – 1 ton kağız gətirənə...
21 AVQUST
153

Azərbaycanda makulaturaya tələbat varmı? – 1 ton kağız gətirənə...

2018-08-21 10:14:00

Bir vaxtlar Azərbaycanda makulaturanı (kağız tullantıları, yenidən kağız istehsal etmək üçün işlənilən kağız vərəqlər) müvafiq müəssisələrə yığıb təhvil vermək ənənəsi olsa da, hazırda buna çox az rast gəlinir.

Bu ənənənin yenidən dirçəldilməsi isə həm ətraf mühitin qorunmasına müəyyən töhfə verər, həm də gəlir mənbəyi olar.

Hazırda ölkədə kağız tullantılarının yığımı ilə məşğul olan müəssisələrdən biri "Azərsun Holdinq" MMC-nin Kağız və karton istehsalı kombitanının Kağız tullantılarının tədarükü müəssisəsidir.

Kombinatın tədarükçüsü Şaban Şener Trend-ə bildirib ki, müəssisə gün ərzində 4 min ton kağız qəbul edir.

Onun sözlərinə görə, 1 ton kağız istehsalı üçün 17 şam ağacı kəsilir. Yəni, belə demək mümkünsə, kombinata bir ton kağız təhvil verən şəxs 17 ağacı qorumuş olur.

Ş.Şener bildirib ki, kağız tullantılarını təhvil verən şəxs ətraf mühiti qorumaqla yanaşı, bu işdən maddi xeyir də götürür:

“Ölkənin 26 rayonunda kombinatın müəssisələri var. Əgər köhnə kağız müəssisəyə təhvil verilirsə, hər tonuna görə 65 manat, səyyar şəkildə, yəni yerlərdə təhvil alınırsa, 50 manat ödənilir. Hazırda Quba rayonundan müraciətlər daha çoxdur”.

Kombinat nümayəndəsi onu da əlavə edib ki, müəssisənin tələbatını qarşılamaq üçün xaricdən də kağız tullantıları gətirməli olurlar:

“Əhali arasında bu işə maraq azdır, onlar əksər hallarda kağızı tullayır, yaxud da yandırırlar. Təkrar kağız emalı fabriki tərəfindən “Təbiəti qoruyaq” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Bakı və rayonlardakı dövlət müəssisələrində yaşıl qutular yerləşdirilib. Lazımsız kağız və kitabları istənilən vaxt oraya təhvil vermək olar”.

Qeyd edək ki, kağız tullantıların təkrar emalı üçün “ASAN xidmət” mərkəzlərinə də müraciət etmək mümkündür.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev Trend-ə açıqlamasında bildirib ki, kağız tullantıları 300 kq-dan çox olduğu təqdirdə, bir həftə ərzində səyyar şəkildə təhvil alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253