SOSİUM

Nazirlik Xəzəri çirkləndirən obyekt sahiblərinə xəbərdarlıq edib
10 AVQUST
223

Nazirlik Xəzəri çirkləndirən obyekt sahiblərinə xəbərdarlıq edib

2018-08-10 10:55:00

Xəzər dənizi problemləri içərisində dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son zamanların ən mühüm problemlərindəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov Fins.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

Onun sözlərinə görə, ölkənin sahil zolağında yerləşən rayonların əksəriyyətində tullantı sularının təmizlənərək dənizə axıdılması üçün təmizləyici qurğular quraşdırılmadığından və ya quraşdırılan qurğuların fəaliyyətləri qənaətbəxş olmadığından qeyd edilən ərazilərdə formalaşan müxtəlif tərkibli qarışıq tullantı suları təmizlənmədən təbii axarlara və Xəzər dənizinə axıdılır: "Bu da həmin rayonların sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir.

Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən artıq Xaçmaz, Lənkəran rayonları və Sumqayıt şəhərinin sahil zonalarında reydlər başa çatıb. Hazırda reydlər Bakı şəhərinin inzibati rayonlarının sahil zolağında davam etdirilir.

Reydlər zamanı qanunvericiliyin tələblərinə riayət etməyən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib".

F.Mütəllimov onu da bildirib ki, həmin bu iaşə obyektləri tərəfindən onlara verilən göstərişlər icra olunmazsa, bu obyektlərin fəaliyyətinin dayandırılması haqqında nazirlik aidiyyatı qurumlar qarşısında vəsatət qaldıracaq: “Belə tipli çirkab su axarları bütün sahil boyu mövcvuddur. Onlara qarşı ciddi mübarizə aparılacaq. Həmin obyektlərin sahibləri böyük cərimələrə düşmək istəmirlərsə, indidən təmizləyici qurğular quraşdırsınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256