SOSİUM

“Kiməsə ərazi lazım olur deyə meşəni yandırırlar” - Nazirlik açıqladı
01 AVQUST
180

“Kiməsə ərazi lazım olur deyə meşəni yandırırlar” - Nazirlik açıqladı

2018-08-01 12:35:00
İyulun 28-dən 30-dək Azərbaycanın şimal rayonlarında 35 yanğın hadisəsinin baş vermə səbəbini rəsmilər "insan faktoru" ilə izah edirlər.
Fins.az xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova səbəblərlə bağlı ətraflı məlumat verməyib.
Xanım İbrahimovanın sözlərinə görə, yanğın meşə fonduna zərər vurmayıb:
"İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb".
Nazirlik bildirib ki, hər il yaradılan mövsümi qərargahda komissiya fəaliyyət göstərir və dəyən zərər müəyyənləşdirilir.
Ekoloji təhlilçi Telman Zeynalov deyir ki, temperatur nə qədər yüksək olsa da, meşə özbaşına yanmır:
"Meşədə olan nəmişlik onun birdən-birə yanmağına imkan verməz. Kiməsə ərazi lazım olur deyə meşəni yandırırlar və yaxud da kimsə öz torpağında olan alaq otlarını yandıranda külək qığılcımı meşə zolağına apara bilər".
Cənab Zeynalov hesab edir ki, "meşələrin yanması iqlimdə gedən təbii prosesləri minimuma endirir:
"Meşələrin yanması nəmişliyi azaldır, buxarlanmanı çoxaldır. Külək vasitəsilə buxar kütlələri başqa yerə aparılır və nəticədə səhralaşma yaranır. Torpaq qeyri-münbit olmağa başlayır və nəticədə aclıq yaranır".
Təhlilçi hesab edir ki, ərazilərə nəzarət edən yoxdur, nəzarət olsa, yanğın başlayan kimi nazirliyə məlumat tez çatar: "Yarım, bir saatdan sonra məlumat onlara çatırsa, o bir saata o meşənin yarısı yana bilər".
Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır.
BBC News Azərbaycanca FHN-dan yanğınlar, səbəbləri və söndürülməsilə bağlı ətraflı məlumat ala bilməyib.
İyulun 28-dən 30-dək Siyəzən, Şabran və digər rayonlarda meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.
Yanğınlardan biri Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayıb, sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçmişdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Altıağac Milli Parkındakı yanğının baş verməsində şübhəli bilinən şəxs müəyyən edilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.
Yanğınlar nəticəsində 1315 hektar ərazi (meşə ərazisi 5 hektar, digər ərazilər 1310 hektar) yanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259