SOSİUM

Dövlət qulluğunda boş olan 1162 vəzifəyə qəbul imtahanı keçiriləcək
27 İYUL
347

Dövlət qulluğunda boş olan 1162 vəzifəyə qəbul imtahanı keçiriləcək

2018-07-27 09:50:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 iyul 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən Fins.az-a verilən məlumata görə, kompüter vasitəsilə aparılacaq imtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanda iştirak üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. 

Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 35 yer , AB vəzifə qrupu üzrə 306, AC vəzifə qrupu üzrə isə 821 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasının Hesablama Palatasında şöbə müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək milli Fondunun rəhbəri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri ,Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255