SOSİUM

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi
23 İYUL
139

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi

2018-07-23 11:34:00

Ədliyyə Nazirliyi notarius vəzifələrində çalışmaq istəyən vətəndaşlar üçün sənəd qəbulu elan edir.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yüksək vətəndaş məmnunluğu doğuran, paytaxtda və bölgələrdə fəaliyyət göstərən "ASAN xidmət" şəbəkəsi genişləndirilərək Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni mərkəzlərin təsis edilməsi nəzərdə tutulur. "ASAN xidmət" mərkəzlərində notariat sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin 40 faizdən çoxu məhz notariat orqanlarının payına düşür.

Ədliyyə Nazirliyi tərəfindən həmin mərkəzlərdə təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan və Yevlax rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən "Notariat haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.

Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2018-ci il avqustun 1-dən etibarən nazirliyin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Xatırladaq ki, "Notariat haqqında" qanunun və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Müsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək.

© Modern.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251