SOSİUM

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib
20 İYUL
194

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

2018-07-20 18:01:00

17-ci il ərzində “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin 52 faizinin icrası başa çatıb, 40 faizi qismən icra edilib və 8 faizi isə icra edilməyib.

Fins.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, peşə təhsili müəssisələrinin idarə edilməsinin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, fəaliyyətinin dayandırılması və ya müvəqqəti dondurulması, yeni təhsil müəssisələrinin inşası ilə bağlı təkliflər əsasında tədbirlər planının layihəsi hazırlanıb: "İqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələrinin mövcud vəziyyətinin araşdırılması ilə əldə edilən nəticələr nəzərə alınmaqla, beynəlxalq ekspertlərin iştirakı ilə təhlillər aparılıb və 10 pilot peşə təhsil müəssisəsi müəyyən edilib. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin ərazisində 8 ixtisas üzrə ixtisaslaşmış peşə təhsili mərkəzinin tikintisinə başlanıb. İlk peşə–ixtisas təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə regionlarda və Bakı şəhərində imtahanlar təşkil olunub. Ümumilikdə diaqnostik qiymətləndirmə ilə bağlı imtahanlarda 86 ilk peşə-ixtisas təhsili müəssisəsindən 834 nəfər ümumtəhsil fənn müəllimi iştirak edib".

Hesabatda bildirilib ki, peşə təhsil müəssisələrinin fəaliyyətinin kəmiyyət və keyfiyyət meyarları əsasında fəaliyyət göstəriciləri sistemi ilə bağlı təkliflər hazırlanıb. Bundan başqa, peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində qaydalar layihəsi hazırlanıb: "BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 18 adda, “BP” şirkəti və “British Council”-ın köməyi ilə 9 adda modul/dərslik hazırlanaraq nəşr olunub və təhsil alanların istifadəsinə verilib. 2017/2018-ci tədris ilindən İsmayıllı Peşə Tədris Mərkəzində pilot olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində hazırlanmış nəticəyönümlü, modul strukturlu kurikulumla “Arıçı” ixtisası üzrə kadr hazırlığına başlanılıb. Məlumatların şəffaf monitorinqinin və vahid bazasının təmin edilməsi məqsədilə mövcud məlumat infrastrukturu təhlil edilərək cari vəziyyəti özündə ehtiva edən arayış və məlumat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259