SOSİUM

Dini icmalarda “Quran” kursları fəaliyyət göstərəcək
18 İYUL
293

Dini icmalarda “Quran” kursları fəaliyyət göstərəcək

2018-07-18 16:59:00

 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə və təhsil sahəsində məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə iyulun 18-də QMİ-də İdarənin təşkilati tabeçiliyində olan dini icmalarda gənclərin və yaşlıların Qurani-Kərimi öyrənmə kurslarının - “Quran kurs”larının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

Bu barədə  Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ Aparatının rəhbəri Simran Həsənov, İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov, müvafiq bölgə qazıları, səlahiyyətli nümayəndələr və kurslarda çalışacaq müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən QMİ sədrinin birinci müavini Hacı Salman Musayev “Quran kurs”larının fəaliyyətə başlaması münasibətilə tədbir iştirakçılarını salamlayıb, onlara QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duasını çatdırıb, “Quran kursu” rəhbərlərini və nümayəndələrini təbrik edib. S.Musayev bildirib ki, “Quran kurs”ları yalnız məscidlərdə və onlara məxsus olan köməkçi tikililərdə bir tədris ili müddətinə təşkil edilir və “Quran kurs”larında tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı, habelə QMİ tərəfindən icazə verilən digər şəxslər tərəfindən aparılacaq. QMİ sədrinin birinci müavini onu da bildirib ki, “Quran kurs”larının tədris proqramı və tədris müddəti artıq QMİ tərəfindən təsdiq olunub və yaxın zamanlarda QMİ-yə müraciət etmiş digər dini icmalarda da “Quran kurs”larının fəaliyyətə başlaması məsələsinə baxılacaq. S.Musayev çıxışının sonunda “Quran kursu” rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

QMİ-nin Aparat rəhbəri Simran Həsənov çıxışı zamanı qeyd edib ki, “Quran kurs”ları “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də QMİ-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərəcək və QMİ kursların açılması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat verib. QMİ-nin Aparat rəhbəri vurğulayıb ki, “Quran kurs”larının təsdiq edilmiş proqramlar əsasında fəaliyyəti üçün dini qurumun rəhbəri, QMİ-nin bölgə qazısı və rayon üzrə səlahiyyətli nümayəndəsi şəxsən məsuliyyət daşıyır və dini icma “Quran kurs”larının yekunları barədə hər dəfə QMİ-yə yazılı hesabat və DQİDK-nın bölgə şöbəsinə yazılı məlumat təqdim edəcək. S.Həsənov “Quran kurs”larına aid digər hüquqi məsələlərə də aydınlıq gətirib.

İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov “Quran kursu” rəhbərlərinə bu kursların açılması barədə QMİ-nin müvafiq əmrini, QMİ-nin təsdiq etdiyi “Quran kurslarının təşkili haqqında Əsasnamə”ni, Tədris proqramını və digər müvafiq sənədləri təqdim edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255