SOSİUM

Nazirlik: Qeyri-rəsmi məşğulluq işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir
09 İYUL
197

Nazirlik: Qeyri-rəsmi məşğulluq işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir

2018-07-09 10:09:00

 Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə işəgötürənlər arasında növbəti maarifləndirmə tədbiri Bakının Sabunçu rayonunda təşkil edilib.

Fins.az-ın xəbərinə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları vurğulayıb ki, qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir.

Qeyd olunub ki, hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.

Tədbirdə “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda çıxışlar edilib, qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə ətraflı məlumat verilib. Bütün işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsinin qanunla işəgötürənlərin əsas vəzifələrindən olduğu diqqətə çatdırılıb. Bildirilib ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Seminarda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda da işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib. İştirakçılara tam iş vaxtı və onun müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan və xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxt, natamam iş vaxtı, iş vaxtının rejimi qaydaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumatlar verilib.

Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251