SOSİUM

Azərbaycanın 5 rayonunda alternativ su mənbələri yaradılacaq
05 İYUN
189

Azərbaycanın 5 rayonunda alternativ su mənbələri yaradılacaq

2018-06-05 09:31:00

2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq.

Fins.az-ın məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində qeyd olunub.

Q.Hüseynov bildirib ki, bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Onun sözlərinə görə, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq.

"Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük sutəmizləyici qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da cari ildə başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq", - deyə Q.Hüseynov vurğulayıb.

“Azərsu” sədri əlavə edib ki, içməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam etdiriləcək: "Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253