SOSİUM

Azərbaycanın bəzi çaylarında sululuq artıb
29 MAY
185

Azərbaycanın bəzi çaylarında sululuq artıb

2018-05-29 15:24:00

Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Azərbaycanın bəzi çaylarında sululuq artıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Ağsuçay və Axoxçay çaylarından qısamüddətli sel keçib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 285 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 62 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə görə, mayın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 36, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2017-ci il mayın 29-da 373 sm), Şirvanda 185 sm (2017-ci il mayın 29-da 253 sm), Salyanda 87 sm (2017-ci il mayın 29-da 177 sm), Bankədə 181 sm (2017-ci il mayın 29-da 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il mayın 29-da 78 sm) təşkil edir.

Eləcə də bax: Dövlət İmtahan Mərkəzi işçi axtarır

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258