SOSİUM

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı may ayının 26-da keçiriləcək
16 MAY
240

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı may ayının 26-da keçiriləcək

2018-05-16 14:41:00

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə mayın 26-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 24-25-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.

Müsabiqə Komissiyası xatırladır ki, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində (www.justice.gov.az) və namizədlərin elektron kabinetlərində yerləşdirilib.

Eləcə də bax: Dövlət orqanlarında vakant vəzifələr üzrə elan edilən daxili müsahibələr yekunlaşıb

Həmçinin qeyd edilir ki, əvvəlki illərdə olduğu kimi, müsabiqədə iştirak edən hüquqşünaslar üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları davam edir. Kursda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012 493-71-31).

Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Test imtahanının keçiriləcəyi Bakı İdman Zalına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256