SOSİUM

Nazir: "DSMF-in fəaliyyət nəticələri qənaətbəxş deyil"
16 MAY
919

Nazir: "DSMF-in fəaliyyət nəticələri qənaətbəxş deyil"

2018-05-16 09:40:00

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib. APA-nın məlumatına görə, Fondun rayon (şəhər) şöbələrinin rəhbərlərinin iştirakı ilə keçən müşavirədə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti üçün bir yol xəritəsidir və bu tapşırıqlar xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutur. Nazirliyin, o cümlədən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas xətti də məhz bu prinsipə söykənməlidir. Əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır. 

Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Ölkəmizin özündə vətəndaş məmnunluğuna səbəb olan ASAN xidmət modeli mövcuddur ki, Fondun yerli orqanlarında bu müasir, mədəni xidmət təcrübəsindən istifadə edilə bilər. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməlidir.

Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir.

Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir. Ümumilikdə, Fondun fəaliyyət sferalarında ilk növbədə inzibatçılığın gücləndirilməsi təmin olunmalıdır ki, bu da sistemli islahatlar üçün zəmin formalaşdırılması baxımından vacib amildir.

S.Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.

Hazırda ünvanlı dövlət sosial yardımı sistemində təkmilləşdirmə işlərinin aparıldığını qeyd edən nazir bildirib ki, aktiv əmək bazarı proqramları vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik biznesə sahib olmalarına imkan yaradılması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu mənada özünüməşğulluq proqramına cəlb edilənlərin ən azı 50 faizi ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərindən ibarət olmalıdır.

Sosial müavinətlər sahəsində müəyyən unifikasiya tədbirlərinin aparılmasının məqsədəuyğun ola biləcəyini diqqətə çatdıran S.Babayev bildirib ki, hazırda nazirlik 2,5 milyona qədər insana xidmət göstərir. Həmin insanlara göstərilən xidmətlərin vəziyyəti ictimai rəyə də əhəmiyyətli təsir göstərir. Bu baxımdan əhaliyə xidmət səviyyəsinin daim şəffaf və sosial ədalət prinsipi üzərində təşkili, insanlara mədəni xidmətin göstərilməsi nazirliyin hər bir yerli qurumunun fəaliyyətində əsas istiqamət olmalıdır. Ümumilikdə bu qurumlar “Sosial ev” modeli kimi fəaliyyət göstərməlidirlər.

Müşavirədə nazir Fondun fəaliyyət sahələrində mövcud problem və çatışmazlıqların aradan qaldırılması, idarəetmənin müasir və səmərəli təşkili, sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi, əhaliyə xidmətlərin tam şəffaflaşdırılması və bu sahədə vətəndaş məmnunluğuna nail olunması məqsədilə islahatlar proqramının hazırlanması barədə tapşırıq verib. S.Babayev vurğulayıb ki, Fondun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir.

Dövlət Sosial Müdafiə Fondunda olarkən S.Babayev Fondun qəbul otağına müraciət edən vətəndaşlarla da görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlərlə bağlı vətəndaşlar aidiyyəti üzrə qanunvericilik izah olunub, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa müddətdə həll olunması barədə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256