SOSİUM

DİM: Özəl ali məktəblərə qəbul olanların böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil
14 MAY
339

DİM: Özəl ali məktəblərə qəbul olanların böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil

2018-05-14 12:28:00

 "Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur.

Fins.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayında əksini tapıb.

Məlumata görə, özəl ali məktəblərə qəbul olunanlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

Bildirilib ki, 2017-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.07% olub (2016-cı ildə bu göstərici 4.15% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% təşkil edib: "On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil".

Məlumata görə, 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, belə abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı: "Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər. Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər.

Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Hesab edirik ki, bu amil mütləq birinci kursların tədris planlarında nəzərə alınmalıdır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254