SOSİUM

Data hekayələri yaradan bölgə jurnalistləri mükafatlandırıldı - FOTO,VİDEO
29 APREL
439

Data hekayələri yaradan bölgə jurnalistləri mükafatlandırıldı - FOTO,VİDEO

2018-04-29 11:18:00

“Biz 2016-cı ilin oktyabrında bu layihəyə başlayanda özümüzü qaranlıq meşədə  hiss edirdik.  Əlimizdə xəritə olsa da, hara gedəcəyimizi bilsək də, tərəddüd içindəydik. Çünki bizi təhlükələr də izləyirdi. Amma inamın olanda keçilməz sədləri belə aşa bilirsən.”

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev aprelin 26-da Mingəçevir Media Mərkəzində bölgə jurnalistlərini mükafatlandırarkən deyib. O, bildirib ki, il yarım əvvəl Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının  həyata keçirdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində MVA İB Azərbaycanda açıq məlumatların yayılmasına yardım etmək məqsədi daşıyan təşəbbüsə dəstək verib: “Biz Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşlarımızla  birgə Data Jurnalistikanı Azərbaycana gətirməyə müvəffəq olduq. Ötən müddətdə media, QHT və hökumət qurumları üçün Mingəçevir Media Mərkəzində, Bakıda və Şəkidə açıq məlumatlara dair silsilə təlimlər və mitaplar, Bərdə, Yevlax, Oğuz, Göyçay və Ağdaş bölgələrində hökumət nümayəndələri üçün məsləhət görüşləri təşkil etdik, 10 nəfəri  Avropaya  konfrans və təlimlərə göndərdik. Eyni zamanda Data Jurnalistikasəhifəsini açdıq, onlayn kurslar vasitəsilə daha çox insanın açıq məlumatlar əldə etməsinə şərait yaratdıq,  Açıq küçə xəritəsi"ni və  “Data Jurnalistika” kitabını Azərbaycan dilinə çevirdik. Nəhayət, 15 bölgəni təmsil edən 20  jurnalistə də  data alətlərindən istifadə etmək imkanı yaratdıq. İndi onlar  məlumatları əyaniləşdirməklə  oxucuları üçün daha maraqlı yazılar hazırlaya biləcəklər”.

F.Nəbiyev əlavə edib ki, bölgə jurnalistləri üçün mart ayının sonlarında 4 gün davam edən təlimdən dərhal sonra müsabiqə elan olunub: “20 nəfərin qatıldığı təlimdə sonuncu gün 18  jurnalist hazırlamaq istədiyi data hekayəsi ilə bağlı fikirlərini bölüşüb. 11 nəfər müsabiqəyə yazısını  təqdim edib.2 məqalə  data elementlərindən istifadə edilmədiyi,  1 araşdırma isə paytaxt jurnalisti tərəfindən göndərildiyi üçün müsabiqədən kənarda   qalıb: “Doqquz yazı isə veb səhifəmizin "Data hekayələri" bölümündə yerləşdirilib. Bakılı jurnalist İsmayıl Fətəliyevin “Kölgədən çıxanlar” (Əlilliyi olan şəxslər dəyişiklik istəyir)sərlövhəli məqaləsi ən gözəl data yazısıdır. Müəllif əlilliyi olan şəxslərin nəqliyyatdan istifadə problemini çox ustalıqla əyaniləşdirə bilib.  Əgər bizim müsabiqə bütün ölkə üçün elan olunsaydı, bu yazı birinci mükafata layiq görülərdi”.

Bundan sonra MVA prezidenti  qalibləri təqdim edib. Bildirib ki, münsiflər heyətinin ciddi müzakirəsindən sonra ayna.az  səhifəsinin əməkdaşı Mehparə Rəhimova  (“Uşaqlarımız düzgün qidalanırmı?”) birinci,  “Astara” qəzetinin və astarainfo.az səhifəsinin baş redaktoru Fəridə Ağazadə  (“Qız yükü”) ikinci, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli (“Kömürə dönmüş ağacların harayı”) üçüncü mükafata layiq görülüb.

Təlimçilər Fərid Həsənov, Rahim Tariverdiyev və Yeganə Nəbiyevav  qaliblərə sertifikat və pul mükafatlarını təqdim ediblər. Layihənin icrası prosesinə və hökumət-QHT əlaqələrinin möhkəmləndirilməsində  töhfəsinə görə  sertifikat isə Mingəçevir İcra Hakimiyyəti  başçısı aparatının   İctimai-siyasi və humanitar məsələlər  şöbəsi müdirinin  müavini Sahib Əliyevə verilib.  

Mərasimdə çıxış edən S.Əliyev  regiondakı təşkilatın  Azərbaycan üçün çox əhəmiyyətli təşəbbüsü gerçəkləşdirməsindən məmnun olduğunu bildirib: “Bu tədbirlər media və QHT-lərin auditoriyalarını genişləndirməsinə,  dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyaları  sadə və əyani şəkildə, asan başa düşüləcək tərzdə əhaliyə çatdıra bilmələrinə  yeni imkanlar  yaradıb. Bu layihəni dəstəklədiyinə görə Avropa ittifaqına və onu həyata keçirən BMT İnkişaf Proqramına minnətdarlıq edirəm. Onlar bununla  ölkəmizin davamlı inkişafına dəstək göstəriblər”.

Data.org.az səhifəsinin admini Şəmsəddin Xəlilov bu unikal layihənin əhəmiyyətindən danışıb: "Data  mənbə deməkdir. Siz komanda şəklində bu işi görürsünüz  və yeni uğurlar üçün şansınız var". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271